Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Burun çəpəri, burun boşluğunu iki yerə ayıran divardır. Septumun ön hissəsi qığırdaqdan, arxa hissəsi isə sümükdən təşkil olunmuşdur. İdeal hal septum tam ortada, hər iki burun boşluğu eyni genişlikdə olduqda mümkündür. İnsanların 80%-də septum tam olaraq orta xəttə deyildir, ancaq bu əksər hallarda hər hansı şikayətə səbəb olmur. Septumun orta xəttən kənara çıxmasına septum deviasiyası deyilir.

Septum deviasiyasının səbəbləri nələrdir?

Septum deviasiyasının səbəbləri müxtəlifdir. Nadir hallarda, bəzi körpələr ana bətnində septumun əyri inkişafına bağlı septum deviasiyası ilə doğulurlar. Bəzən də, septum yeni dünyaya gəlmiş körpənin doğum kanalından keçdiyi zaman əyilir. Uşaqlıq və yeniyetmə dövründə toqquşma, yıxılma, travma, idman zədələri septum deviasiyasına səbəb ola bilər. Septum deviasiyası, böyümə dövründə septumun sümük və qığırdaq hissələrinin müxtəlif sürətlə inkişafı nəticəsində də yarana bilər.

Septum deviasiyasının əlamətləri nələrdir?

Septum deviasiyasının ən çox rast gəlinən səbəbi burunla nəfəs almanın çətinliyidir. Burun tıxanıqlığı əsasən, septumun əyri olduğu tərəfdə olur, ancaq hər iki tərəfdə daimi və ya bəzən sağda, bəzən solda olacaq şəkildə nəfəs alma çətinliyinə də səbəb ola bilər.

Əsas şikayətlər:

  • Tək və ya ikitərəfli burun tıxanıqlığı
  • Təkrarlanan burun qanamaları
  • Təkrarlanan sinusit
  • Bəzən üz nahiyyəsində ağrı, baş ağrısı, postnazal axıntı
  • Yuxuda nəfəs alma çətinliyi (xüsusən də, uşaqlarda).

Yüngül dərəcəli septum deviasiyası olan insanlarda şikayətlər, ancaq soyuqlama zamanı ortaya çıxır. Tənəffüs yolu infeksiyalarının səbəb olduğu şişkinlik nəticəsində, normada yüngül dərəcəli olan burun tıxanıqlığı daha da artır və şikayətlər xəstə sağaldıqdan sonra keçib gedir.

Septum deviasiyası necə müəyyən olunur?

Həkiminiz şikayətinizi dinlədikdən sonra sizə burunla əlaqəli bir travma və ya əməliyyat keçirdiyinizi soruşacaq. Daha sonra, burun daxilinin və septumun vəziyyətini müayinə edəcək. Bu, burun qanadlarını açmaq üçün istifadə edilən alət və ya endoskop deyilən optik cihazlarla aparılır. Septum deviasiyasının diaqnozu üçün başqa müayinəyə ehtiyac yoxdur. Amma, həkiminiz şikayətlərinizin sinusit və ya allergiya ilə əlaqəli olduğunu düşünürsə, ona uyğun testlər və laborator analizlərin aparılmasını istəyə bilər.

Septum deviasiyası necə müalicə olunur?

Müalicə cərrahi yolladır və əməliyyata septoplastika deyilir. Bu əməliyyat həm ümümi, həm lokal anesteziya altında aparıla bilər. Əməliyyatda septum, burun dəlikləri içərisindən aparılan və əməliyyatdan sonra xaricdən görünməyən kəsiklə icra olunur. Əməliyyatın davam etmə müddəti 1-1,5 saatdır. Əməliyyatın sonunda düzəldilən septumu yerində tutmaq üçün burun boşluğuna septuma dəstək üçün silikon tampon yerləşdirilir. Bu, əməliyyatdan sonra bir neçə gün içərisində çıxarılır.

Septoplastika əməliyyatından sonra:

  • Əməliyyatdan sonra yerləşdirilən tamponlara bağlı burnunuz qismən və ya tamam tıxalı ola bilər və agızdan nəfəs ala bilərsiniz.
  • Əməliyyatdan sonra burun ifrazatı artacaq, həm öndən, həm burun arxasından qırmızımtıl rəngdə axıntı olacaqdır. Bu qanaxma deyil və əməliyyatdan sonra gedərək azalacaq, tamponlar çıxarılana qədər davam edəcəkdir.

Septoplastika əməliyyatından sonra nələrə diqqət edilməlidir?

  • Xəstə əməliyyatdan sonra ilk bir neçə saatı klinikada keçirir. Həkiminizin müayinə və məsləhətindən sonra evə gedə bilərsiniz.
  • Əvvəlcə çox az və qanlı burun axıntısı ola bilər. Daha sonra axıntının rəngi açılacaqdır.
  • Əməliyyata bağlı qidalanma dietası olmur. Əməliyyatdan sonra yüngül ürəkbulanma ola bilər. Bu udmuş olduğunuz qan axıntısına bağlıdır. Bu axıntı mədəni qıcıqlandırar və qusmaya səbəb olar.
  • Burnunuza toxunmayın və hərəkət etdirməyin.
  • Həkiminizin yazdığı dərmanları düzgün istifadə edin. Əməliyyatdan sonrakı narahatçılıq individualdır. Lazım olduqda ağrıkəsici verilir. Ağrınız olan kimi istifadə etməlisiniz.
  • Əməliyyatdan 1 həftə əvvəl və 1 həftə sonra qəti şəkildə aspirin istifadə etməyin. Çünki, aspirin qanama ehtimalını artırır.
  • Burnunuza məişət suyu çəkməyin.
  • Uzunmüddətli və isti olmayacaq şəkildə yuyuna bilərsiniz.
  • Əməliyyatdan sonra burunda quruma və qabıqlama əmələ gələ bilər. Bunları azaltma üçün buxar aparatı istifadə edin və ya 3-4 dəfə qaynanmış suyun buxarı ilə nəfəs alın.

Sağalma 2-6 həftədə tamamlanır. Bu vaxt ərzində həkiminizin müayinəsinə gedin.

Həkiminizlə nə zaman əlaqə saxlamalı?

  • Temperaturunuz 38 dərəcədən yuxarıdırsa
  • Dərmanla kontrol edə bilmədiyiniz ağrı varsa
  • Şiddətli qanaxmanız varsa.