Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2023 Dos. Dr. Cavid Cabbarzadə

Daha əvvəlki rinoplastika əməliyyatının uğursuz nəticələrini aradan qaldırmaq üçün icra edilir. Əfsus ki, rinoplastika əməliyyatı hər xəstədə uğurlu alınmaya bilər. Burun ucu sıxılmış, daralmış, geniş, asimmetrik, aşağı, çox qalxmış (donuz burnu) görünüşdə ola bilər. Burun dəlikləri asimmetrik və ya geniş ola bilər. Burunun yan divarlarında çökmə və nəfəs alma çətinliyi ola bilər. Burun belində çökmə, qığırdaq hissənin lazımı qədər götürülməməsi nəticəsində tutuquşu burnu (pollybeak) görünüşü və ya daha çox götürülməsi nəticəsində burun belində çökmə (saddle nose) ola bilər. Burunun orta hissəsində tərs V deformasiyası, əyriburun (twisted nose) deviasiyanın davam etməsi, burun belində nahamarlıq, burunun daxili və ya xaricində çapıq toxumasının inkişafı, dəri və yumşaq toxuma problemləri ola bilər.

İlk olaraq, rinoplastikadan sonra 5-8% hallarda revizion əməliyyata ehtiyac ola bilər. Bunların bəzilərində minor, bəzilərində major müdaxilə ehtiyacı olur. Minor revizionda ilk əməliyyatın nəticəsini normala yaxın qəbul etmək olar, sadəcə kiçik müdaxilə edilir. Xəstə mövcud burnundan və ümumi görünüşündən razı ola bilər, amma kiçik düzəltmələr istəyə bilər. Əgər, əvvəlki əməliyyatdan sonra ciddi deformasiyalar varsa major revizion əməliyyatı icra edilir.

Niyə rinoplastika uğursuz olur?

  • Cərrahın praktikasının lazımi qədər olmaması
  • Xəstənin istəklərinin real olmaması
  • Pis sağalma və çapıq toxuması səbəbi ilə yaranan problemlər
  • Əməliyyatdan sonra burun travması.

Uğursuzluğun qarşısını almaq və ya azaltmaq üçün:

1. Mütləq əməliyyatdan əvvəl ətraflı müayinə, yaxşı bir plan və əməliyyat əsnasında səliqəli və səbrli çalışmaq lazımdır. Əməliyyatın vaxtı yox, hər zaman nəticəsi vacibdir.

2. Burunu bir bütöv şəkildə, yəni həm xarici, həm də daxili funksional cəhətdən düzəltməyə çalışmaq lazımdır.

Revizion rinoplastika ilk əməliyyatdan ən erkən 6 ay sonra icra edilə bilsə də, 9-12 ay gözləməkdə fayda var. Bəzi qalın dərili burunlarda isə 2-3 il müddətində burunun tam formalaşmağını gözləmək lazımdır.

Anterior rinoskopiya ilə septum deviasiyası, alt konxa (burun əti) böyüməsi, sinexiya, çapıq, septal perforasiya və s. anormallıqlar müəyyən olunur. Digər əlamətlər (konxa bulloza, adenoid, polip, xroniki sinusit, xoanal stenoz) bu müayinə ilə görünməyə bilər. Ona görə də mütləq endoskopik müayinə edilməli və lazım olarsa sinus tomoqrafiyası çəkilməlidir.

Əməliyyatın gedişi:

Açıq və ya qapalı rinoplastika icra edilə bilər. Açıq və ya qapalı üsul əməliyyat texnikası deyil, burunun sümük və qığırdaqlarına çatmaq üçün istifadə edilən yoldur. Açıq üsulla kolumellaya ( burun dəliklərini bir birindən ayıran hissə) tərs V kəsiyi ilə dəri qaldırılır sümük və qığırdaq hissələrə çatılır. Əməliyyatın sonunda kəsik tikilərək bağlanılır. Sağalma dövründə iz demək olar ki, hiss olunmur. Diqqətlə və çox yaxından baxdıqda hiss edilə bilər. Qapalı texnikada kəsik burun daxilində olur. Burunda açıq və ya qapalı texnikalardan hansı daha yaxşıdır deyə bir qayda yoxdur. Burada əsas məqsəd buruna hansı müdaxilə olunacağı və hansı üsulla həllidir. Yarıq dodaq, burun ucunda asimmetriya, əyri burun, major reviziona ehtiyac olan burunlarda açıq üsuldan istifadə edilir. Açıq üsulun üstünlüyü buruna hakim olaraq, müxtəlif greft və tikiş texnikalarının istifadəsinin mümkünlüyüdür.