Rinoplastika burunun xarici görüşünün dəyişildiyi bir əməliyyat olub, estetik əməliyyatlar arasında ən çox tələbat olan və ən mürəkkəb olan əməliyyatdır. Rinoplastika ilə əlaqəli bəzi doğru bilinən yanlışlar və ya miflər mövcuddur. Aşağıda həmin mifləri 13 başlıq altında diqqətinizə çatdırırıq.

Rinoplastika sadəcə ilin müəyyən fəsillərində icra oluna bilər.

Rinoplastika istənilən mövsümdə, ilin 365 günündən hər hansı birində icra edilə bilər. Sadəcə xəstələr həkimin mövsümə spesifik məsləhətlərinə diqqət etməlidirlər.

Rinoplastikada ağrı qaçılmazdır.

Müasir dövrdə istifadə olunan mikrocərrahiyyə texnikaları və anesteziologiyanın inkişafı sayəsində əməliyyat əsnasında və əməliyyatdan sonrakı dövrdə demək olar ki, ağrı olmur.

Tampondan istifadə mütləqdir və çıxarılması ağrılıdır.

Xəstələrimizin müəyyən hissəsində ümumiyyətlə tampon yerləşdirilməsinə ehtiyac olmur. Tamponlamanın zəruri olduğu hallarda isə klassik tamponların əvəzinə silikon tamponlardan istifadə olunur. Silikon tamponlar burunda olduğu müddətdə və çıxarılarkən ağrıya səbəb olmur. Eyni zamanda, silikon tamponlarda olan xüsusi kanal vasitəsilə xəstələr nəfəs ala bilirlər.

Əməliyyatdan sonra göyərmə və şişliklər həftələrcə davam edir.

Göz ətrafında olan göyərmə və şişliklər xəstələrimizin müəyyən hissəsində ümumiyyətlə müşahidə olunmur. Müşahidə etdiyimiz xəstələrdə isə göyərmə və şişliklərin sovrulması 7-10 gün ərzində tamamlanır.

Rinoplastikadan sonra burunda çökmələr olur.

Əməliyyat əsnasında burun ucunu və burun belini saxlayan dəstəklər lazımi şəkildə qorunduqda və ya bərpa edildikdə uzun illər sonra belə hər hansı çökmə müşahidə edilmir.

Əməliyyatdan sonra nəfəs problemləri olur.

Əməliyyat uyğun prinsiplərə görə icra olunarsa hər hansı nəfəs problemi olmur, əksinə əməliyyatdan öncəki nəfəs problemləri həll olunur. Sadəcə əməliyatdan sonrakı ilk 3-4 həftə müddətində burun daxili şişliklər və qabıqlar səbəbi ilə xəstəni çox da ciddi narahat etməyən keçici burun tıxanıqlığı ola bilər.

Rinoplastika sadəcə xarici görünüşdə problem olduğu zaman icra olunur.

Bir çox halda burunun xarici görünüşündəki patologiyalar burun tıxanıqlığına səbəb olur. Bu hallarda burun tıxanıqlığının aradan götürülməsi üçün burunun xarici görünüşü də dəyişilməli, yəni rinoplastika icra edilməlidir.

Rinoplastikadan sonra burun ucu çox qalxmış və burun beli çox oyulmuş olur.

Uğurlu rinoplastika əməliyyatının əsas hədəfi, burun ucu çox qalxmış və burun beli çox oyulmuş olmayan, təbii, həmin şəxsin üzünə yaraşan və burunun rinoplastikalı olduğu hiss edilməyən nəticələr əldə etməkdir.

Əməliyyatdan sonra iybilmə qabiliyyəti pozulur.

Əməliyyatdan sonra bəzi xəstələrdə burun daxili şişliklər və qabıqlar səbəbi ilə bir neçə gün ərzində iybilmə zəifləyə bilsə də qalıcı olaraq qoxualmanın itməsi müşahidə edilmir.

Mensturasiya zamanı rinoplastika icra edilməməlidir.

Bir çox elmi araşdırmaya görə və praktikamıza əsasən, mensturasiya zamanı rinoplastika olunmasında hər hansı problemli vəziyyət müşahidə olunmur.

Əməliyyatdan sonra uzun müddət cəmiyyət içinə çıxma və işə başlama mümkün olmur.

Əməliyyatdan 7-10 gün sonra işə başlamaq və sosial fəaliyyətlə məşğul olmaq mümkündür.

Kişilərdə rinoplastikadan sonra qadın üzünə bənzər bir görüntü olur.

Əgər əməliyyatınız üzünüzə və kişi burnundakı kriteriyalara uyğun icra olunsa, kişi üzünə xas görüntü saxlanılmış olur.

Lazerlə və burundan tək bir ip keçməklə rinoplastika mümkündür.

Bu tip texnikalar daha çox ticari məqsəd daşıyır. Lazerlər qulaq-burun-boğaz və baş-boyun cərrahiyyəsinin bir çox sahəsində aktiv istifadə olunsa da rinoplastikada əvəzedilməzliyi və ya əməliyyat üçün vacibliyi təsdiq olunmamışdır. Rinoplastika həssas hesablamalar və ciddi planlaşdırmalardan sonra icra olunacaq kompleks bir əməliyyat olduğuna görə burundan tək bir ip keçməklə atılan düyünlə rinoplastika sonrası alınan nəticəni əldə etmək mümkün deyildir.