Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Burun qanaxmaları, yaş və cinsindən asılı olmayaraq həm böyüklərdə, həm də uşaqlarda rast gəlinir. Yüngül və şiddətli qanaxmalar ola bilər. Tibbi olaraq 2 başlıq altında təsnif edilir:

Ön burun qanaxmaları - qanaxmaların əksəriyyəti, burunun orta hissəsindəki arakəsmədə incə damarların zədələnməsi nəticəsində tək tərəfli olaraq müşahidə edilir. Bu bölgədəki damarlar səthi yerləşdiklərinə görə burunun təmizlənməsi zamanı və dırnaqla toxunduqda belə zədələnə bilər. Bu qanaxmalar burundan xaricə doğru axır. Daha çox uşaq və yeniyetmələrdə rast gəlinir.

Arxa burun qanaxmaları – orta və yuxarı yaş qrupunda, xüsusilə yüksək təzyiqi olan şəxslərdə rast gəlinir. Burun daxilində arxa üst bölgələrdən olur, həm ön tərəfdən, həm də arxaya udlaq, ağız və boğaza axa bilər.

Qanaxmaları necə ayırd etmək olar?

Ön burun qanaxmaları daha çox quru iqlim şəraitində və qış aylarında burun selikli qişasının quruması nəticəsində əmələ gəlir. Bunun qarşısını almaq üçün az miqdarda yumşaldıcı krem barmaq ucu ilə burun içinə, xüsusilə, orta hissəsinə çəkilir. Barmaqla burun qanadlarına təzyiq etdikdə qanaxma əksər hallarda dayanır. Arxa burun qanaxmaları əsasən, yaşlılarda və yüksək təzyiqi olanlarda müşahidə edilir. Arxa tərəfdən olduğu üçün burunun ön tərəfinə barmaqla təzyiq etdikdə qanaxma dayanmır. Gözdə qaralma, ümumi vəziyyətin pisləşməsi, təzyiqin kəskin düşməsi, nəbzin tezləşməsi olarsa xəstə təcili olaraq, xəstəxanaya çatdırılmalıdır.

Burun qanaxmalarının əsas səbəbləri:

  • Burunun qarışdırılması (daha çox uşaqlarda)
  • Burunun qüvvətli olaraq təmizlənməsi (damarların yırtılmasına səbəb olaraq)
  • Laxtalanma pozğunluğu və ya aspirin və oxşar dərmanların istifadəsi
  • Qaraciyər xəstəlikləri
  • Yüksək təzyiq
  • Çəpər əyriliyi
  • Travma
  • Şişlər

Ön burun qanaxmalarını saxlamaq üçün nə etməli?

  • Xəstəni sakitləşdirmək, çünki həyəcan zamanı təzyiq artır və qanaxma şiddətlənir.
  • Dik oturmalı, əgər uzanılacaqsa baş yuxarıda olmalıdır.
  • Bu mərhələdə burun və yanaqlara buz qoyulmalıdır.
  • Başı yüngülcə önə əymək. Başı geriyə atdıqda qan burundan arxaya, boğaza və udularaq mədəyə gedir. Ürəkbulanma və qusmaya səbəb olur. Qan ağızda tutulmamalı, tüpürülməlidir.
  • Burunun ön hissəsini baş barmaq və işarət barmaqla sıxmalı, daha sonra burunu soyuq su ilə təmizləməli və yenidən təzyiqlə sıxmalıyıq.

Nə zaman həkimə müraciət edilməlidir?

  • Təkrarlanan burun qanaxmalarında
  • Bədəndə göyərmələr olduqda
  • Aspirin və ya digər qan durulaşdırıcılar istifadə etdikdə
  • Laxtalanma pozğunluğu verən qaraciyər və böyrək xəstəlikləri varsa
  • 10 dəq əzrində burunu sıxsaq belə qanaxma hələdə davam edirsə
  • Qanaxma qısa müddətdən sonra təkrarlanarsa
  • Ürəkbulanma, halsızlıq varsa
  • 38 dərəcədən yüksək temperatur, qızartı kimi digər əlamətlər varsa.

Müalicə:

Qanaxmanın dayanmadığı ön burun qanaxmalarında tampon yerləşdirərək və ya kiçik müdaxilə ilə damarı laxtalandıraraq qanaxma dayandırılır. Qanaxma dayanıbsa, tampon çıxdıqdan sonra yumşaldıcı krem və məlhəmlər çəkilir. Bir neçə gün kremə davam edilir. Fizioloji damcı və spreylər də nəmləndirmə məqsədi ilə istifadə olunur. Əgər qanaxma təkrarlanırsa mütləq qulaq-burun-boğaz həkimi müayinə etməlidir. Endoskop vasitəsilə qanayan hissə müayinə edilir və qanaxmaya səbəb olan damar müvafiq şəkildə müalicə edilir.

Burun qanaxmasının təkrarlanmaması üçün nə etməli?

  • Duzlu spreylərlə burun təmizlənməli
  • Burun qarışdırılmamalı
  • Aktiv hərəkətlərdən çəkinməli
  • Baş ürək səviyyəsindən yüksək olmalı
  • Otaq nəmləndirilməli
  • İsti və qıcıqlandırıcı qidalar qəbul edilməməli
  • İsti su ilə duş qəbul etməməli
  • Aspirin vəya digər qan durulaşdırıcılar istifadə edilməməli.