Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Badamcıq nədir? Niyə əməliyyat olunur?

Badamcıq ağız boşluğunda dil kökünün hər iki tərəfində yerləşərək, orqanizmə daxil olan mikrobları tutaraq, orqanizmdə müdafiəedici maddələrin sintezini təmin edir. Badamcıqların funksiyası uşaqların mikrobları tanıdığı və immun sisteminin mikroblara qarşı cavab verdiyi erkən uşaqlıq dövründə vacib əhəmiyyət kəsb edir, badamcıqların bu funksiyası yaş artdıqca azalır. Bəzi uşaqlarda 4-5 yaş arasında tez-tez infeksiyaya bağlı daha da böyüyürlər və infeksiyalar badamcıqların funksiyasını pozur.

Artıq qoruyucu funksiyadan çox, uşaqlarda infeksiya mənbəyi olmağa başlayırlar. Bəzi uşaqlarda isə ölçülərinin böyük olması tənəffüs və qidalanma çətinliyinə səbəb olaraq gecə tənəffüs dayanmasına gətirib çıxarır. Bu halda, badamcıqların çıxarılması mütləqdir. Badamcıqlardan başqa bədəndə bir çox eyni quruluşda toxumalar olduğundan badamcıqların çıxarılması immun sisteminə təsir etmir. Tez-tez təkrarlayan badamcıq infeksiyaları antibiotiklərlə müalicə edilir.

Badamcıqlar nə vaxt çıxarılmalıdır?

  • Yuxuda tənəffüs dayanması (apnoe)
  • Badamcıq absesi
  • Bədxassəli badamcıq şişləri
  • Ağızda qoxu
  • Tənəffüs və udma çətinliyinə səbəb olan badamcıq böyüməsi
  • Revmatizma, böyrək, ürək və oynaq patologiyaları
  • Çənə quruluşunu pozan adenoid və badamcıq böyüməsi
  • Badamcıq iltihabının tez-tez təkrarlanması (son ildə 4-5, təkrarlanan iki ildə hər ilə 3, təkrarlanan 3 ildə hər il başına 2-dən çox olarsa)
  • Uşaqlarda burun tənəffüs pozğunluğu və xoruldama varsa, əsasən, badamcıq və adenoid birlikdə çıxarılır.

Adenoid (burun əti) nədir? Niyə əməliyyat olunur?

Adenoid burunun arxa tərəfində yumşaq damağın üst tərəfində yerləşərək orqanizmi mikroblardan qoruyan limfoid toxumadır. Normada bütün uşaqlarda olur və ağızdan baxdıqda görülmür. Çox böyüdükdə burun tıxanıqlığına səbəb olaraq aşağıdakı əlamətlərlə özünü göstərir:

  • Burun və sinusların təkrarlayan iltihabı
  • Burun tənəffüsünün pozulması, ağızla tənəffüs, xoruldama, yuxuda tənəffus dayanması
  • Ağır eşitmə ilə yanaşı, orta qulaq iltihabı və orta qulaqda maye toplanması.

Bu əlamətlər varsa və müalicələrə cavab vermirsə böyümüş və iltihablı adenoid çıxarılır.

Adenoid və tonsil əməliyyatları aparılmazsa nə ola bilər?

Əgər badamcıqların böyük olması və adenoidə bağlı yuxuda nəfəs dayanması və ya nəfəs alma/udma pozğunluğu varsa, əməliyyat icra edilməzsə aşağıdakı problemlərə gətirib çıxara bilər:

  • Yuxuda qəfləti ölüm
  • Fiziki və zehni inkişafda zəiflik
  • Yuxuda nəfəs dayanmasına bağlı ürək və ağciyər çatışmazlığı
  • Ürək ritm pozğunluğu, yüksək təzyiq (uşaqlarda da ola bilər)
  • Xroniki orta qulaq iltihabı və sinusit
  • Davamlı ağız tənəffüsünə bağlı üz-çənə sümüyündə şəkildəyişmə.

Əgər əməliyyat tez-tez təkrarlanan, xroniki badamcıq iltihabı səbəbi ilə məsləhət görülübsə, əməliyyatın aparılmaması aşağıdakı problemlərə səbəb ola bilər:

  • Ürək çatışmazlığına səbəb olabiləcək ürək revmatizması, ürək qapağı iltihabı
  • Böyrək çatışmazlığına səbəb olan böyrək iltihabı

Adenoid və badamcıq əməliyyatı hansı yaşda aparılmaıdır və riskləri varmı?

Uşaqlarda ən çox aparılan əməliyyatlardandır. Əsasən 2-3 yaşından etibarən icra edilir. Ancaq, əgər göstəriş varsa istənilən yaşda aparıla bilər. Risk ehtimalı nisbətən az olan əməliyyatlar sırasındadır. 14.000 əməliyyatdan birində anesteziyaya və ya əməliyyata bağlı ağırlaşma, 1000 əməliyyatdan 5-də qanaxma ola bilər. İnsanlar arasında badamcıq əməliyyatından sonra farengit olma düşüncəsi var, amma, əsası yoxdur.

Adenoid və tonsil əməliyyatı necə aparılır?

Ümumi anesteziya altında aparılır. Ağız xüsusi alət ilə açıldıqdan sonra yumşaq damaq və dilçəyin üst hissəsində olan adenoid çıxarılır. Badamcıqlar ətrafdakı əzələ liflərindən sıyrılaraq kapsulası ilə birlikdə xaric edilir. Daha sonra qanaxma kontrolu aparılır. Badamcıqları çıxarmaq üçün qayçı, bıçaq kimi klassik metodlarla yanaşı, elektrokoter, radiofrekans deyilən yeni metodlardan da istifadə edilir.

Əməliyyatdan əvvəl nələrə diqqət edilməlidir?

Əməliyyatdan bir gün əvvəl gecə 24:00-dən sonra qida və maye qəbulu kəsilir. Daimi istifadə olunan dərmanlar varsa əməliyyat günü səhər erkən saatlarda çox az miqdarda su ilə içilə bilər. Əməliyyatdan bir həftə əvvəl aspirin kimi qanaxma artıran dərmanlar istifadə olunmamalıdır. Aktiv infeksiya zamanı əməliyyat icra olunmur.

Əməliyyatdan sonra xəstələr nələrə diqqət etməlidir?

Əməliyyatdan sonra xəstəxanada qalmağa əksər hallarda ehtiyyac olmur. 3-4 saatdan sonra anesteziyanın təsiri keçdikdən sonra kontrol olunub evə göndərilir. Əməliyyatdan sonra həkimin təyin etdiyi dərmanlar düzgün istifadə edilməlidir. 1 həftə -10 gün boyunca davam edən boğaz agrısı, udma çətinliyi dərmanlarla azalmış olur. Zəif səs dəyişikliyi, burunda danışma, çənə oynağında təzyiq hissi, ağızda qoxu ola bilər. Ağız və burundan qanaxma, öskürdükdə qan gəlməsi, şiddətli ağrı, yüksək temperatur zamanı həkiminizlə əlaqə saxlayın. İlk 10 gün ərzində yaranı qorumaq üçün sərt və isti qidalar qəbul edilməməlidir. 6 həftə ərzində peyvənd olunmamalıdır.

Əməliyyatdan sonra 5-7 gün ərzində:

  • Aktiv hərəkətlərdən uzaq olmaq(idman, gimnastika, ağır qaldırma) lazımdır.
  • Bağça və məktəbə getmək olmaz.
  • Çox isti su ilə çimmək olmaz.
  • Tünd qəhvə içilməməlidir.