Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Burun polipləri burunun daxili selikli qişasında inkişaf edərək, tənəffüsü çətinləşdirən normadan kənar törəmələrdir. Bir və birdən çox polip ola bilər. Poliplər bir və ya ikitərəfli olur.

Burun poliplərinin yaranmasında allergiya, infeksiya və selikli qişanın bir-birinə toxunması kimi faktorlar olsa da, dəqiq səbəb hələ də müəyyən edilməyib. Buna görə də mütləq müalicəsi yoxdur. Müxtəlif simptomatik müalicə ilə xəstənin şikayətlərini azaltmaq mümkündür.

Burun poliplərinin növləri:

  • Antroxoanal poliplər
  • Konxaxoanal poliplər
  • Sfenoxoanal poliplər
  • Septumdan qanayan poliplər
  • Nazal polipozis (burun daxilinin poliplərlə dolu olması)

Bunlardan ilk 4-ü tək polip şəklindədir. Başlanğıc götürdükləri və tutduğu yerlərə görə adlandırılır. Nazal polipozisdə isə burun boşluğu, sinuslar poliplərlə dolu olur və müalicəsi digərlərinə görə daha çətindir.

Əlamətləri

Burun poliplərinin əsas simptomu burun tıxanıqlığıdır. Əgər polip tək tərəflidirsə, həmin tərəfdə tıxanıqlıq olur. Əgər xəstədə nazal polipozis varsa, hər iki tərəfdə də tıxanıqlıq olur. Bundan başqa baş və üzdə ağrı, postnazal axıntı, burun qanaxması, qoxu pozulmaları, burunda danışma, Yevstax kanalı tıxanıqlığına bağlı eşitmə itkisi kimi əlavə şikayətlər də ola bilər.

Diaqnoz

Diaqnoz qoymaq əksər hallarda çətin olmur. Klassik burun müayinəsi və endoskopik müayinə ilə diaqnoz dəqiqləşdirilir. Polipin ölçüsü və sinusların vəziyyətini bilmək üçün paranazal KT çəkilməlidir. Səbəbi müəyyən etmək üçün xəstəyə allergiya testi də aparıla bilər. Allergiya təsdiq olunsa müvafiq müalicələr aparılır.

Müalicə

Burun poliplərinin müalicəsinin 2 üsulu vardır: konservativ və cərrahi

Konservativ müalicə: Etiologiyaya uyğun müalicədir. Əsasən antibiotiklər, kortizonlu preparatlar, topikal (yerli) sprey və damcılar, iltihabəleyhinə dərmanlar, antihistamin və dekonjestanlardan istifadə edilir. Əsas məqsəd ikincili infeksiyanın qarşısını almaq, polipin ölçüsünü kiçiltmək və xəstənin tənəfüsünü yaxşılaşdırmaqdır.

Cərrahi müalicə: Konservativ müalicədən üstündür. Polipin növünə görə müvafiq əməliyyat icra edilir.

Nazal polipozisdən başqa digər poliplərdə cərrahi müalicə ilə 100% uğurlu nəticə almaq olur. Burada cərrahın təcrübəsi vacibdir. Məsələn, antroxoanal poliplərdə polip maksillar sinusdan tam olaraq təmizlənməzsə təkrar edə bilər.

Nazal polipozisin müalicəsi isə kombinə olaraq aparılmalıdır. Burada əsas məqsəd xəstənin həyat keyfiyyətini artırmaqdır. Konservativ və cərrahi müalicə birlikdə aparılır. Poliplər konservativ müalicə ilə kiçildikdən sonra cərrahi müalicə ilə təmizlənir və ardınca fasilələrlə kortizon istifadəsi ilə poliplərin təkrarlanmasının qarşısı alınır.

Buna baxmayaraq, poliplər yenidən böyüyə bilər. Nazal polipozisin etiologiyası dəqiq müəyyən olmadığı üçün mütləq müalicəsi yoxdur. Bunlar xəstəyə ətraflı izah edilməli və xəstə xəstəliyi haqqında tam olaraq məlumatlandırılmalıdır.