Image

Yüklənir...

Dr. Cavid Cabbarzade
HB Güven Klinik, Atatürk prospekti 3078
+994 (50) 444-88-11

info@cabbarzade.com

© 2015-2020 Dr. Cavid Cabbarzadə

Xoruldama, hava yolunda darlıq olduğu zaman ortaya çıxan səsdir. Yetkin insanların 45%-i bəzən, 25%-i həmişə xoruldayır. Xoruldama kişilərdə və kök insanlarda daha çox olmaqla yanaşı, hər insanda ola bilər. Yaş artıqca xoruldama da artır.

Niyə xoruldayırıq?

Dil kökü, dilçək, yumşaq damaq, badamcıqların udlaq ilə birləşdiyi bölgə öz-özünə darala bilər. Yuxu zamanı bu nahiyədəki əzələlərin boşalması nəticəsində, hava yolu daralır və keçən hava yumşaq toxumalarda titrəyiş yaradaraq xoruldamağa səbəb olur. Xoruldamağın ən çox səbəbi kök insanlarda qalın və piy qatı çox olan boyun toxuması, uşaqlarda isə böyük badamcıq və adenoiddir. Burun tıxanıqlığı olan insanlar nəfəs almaq üçün burunudlaqda vakuum yaradır. Vakuum nəticəsində boğazda yumşaq toxumalar hava yoluna doğru çəkilir, nəticədə burun açıq ikən xoruldamayan insanda xoruldama meydana gəlir. Burun tıxanıqlığına səbəb olan əyriliklər, burun əti böyüməsi, poliplər, yumşaq damaq və dilçəyin uzun və sallanmış olması, hava yolunu daraldaraq xoruldamağa səbəb ola bilər. Alkoqol və sakitləşdirici preparatlar əzələ relaksasiyasını və beləliklə də, xoruldamağı artırır.

Niyə kişilər daha çox xoruldayır?

Bunun səbəbi piylənmənin qadınlarda daha çox bud nahiyyəsində, kişilərdə isə boyun və qarın nahiyyəsində toplanmasıdır. Xüsusilə də, artıq çəkili kişilərdə bu vəziyyət yuxu zamanı (arxası üstə yatdıqda) mədə dolu olduqda diafraqmanı basır və nəticədə döş qəfəsindəki təzyiq artır, dilin arxaya qaçması və udlaq nahiyəsindəki yumşaq toxumaların və əzələlərin boşalması ilə xoruldamanı yaradan şərtlər ortaya çıxır. Menopauzadan sonra hormonal dəyişikliklər nəticəsində qadınların əzələ quruluşu da kişilərin əzələsinə bənzəməyə başladığına görə və boyun tipli yağlanma olduğuna görə müəyyən yaşdan sonra onlarda da xoruldama artır.

Xoruldama problemdirmi?

Tənəffüs problemi yaratmırsa buna sadə xoruldama deyilir. Xoruldama nəfəs dayanmasına səbəb olmursa bunun xəstəyə ziyan vərmədiyi düşünülürdü. Ancaq son zamanlar aparılan araşdırmalara görə, yuxuda nəfəs dayanması olmasa belə gecə tənəffüsə sərf edilən güc yorğunluğa, buna bağlı gündüz halsızlıq, yuxululuğa səbəb olur. Səsə görə ətrafdakılar, xüsusilə də həyat yoldaşının narahat olması problemlər yaradır. Bəzən də ətrafdakıları da narahat edəcək bir səviyyədə olur. Xoruldayan insan tibbi olaraq da bir çox problemlərlə də qarşılaşır. Çox xoruldayan insanlarda yüksək təzyiq, digər insanlara nisbətən daha çox görülür.

Xoruldama müalicə edilə bilərmi?

Bir çox növü müalicə edilir. Aşağıdakılar tövsiyə edilir:

  • İdeal bədən çəkisinə sahib olmaq
  • Yaxşı əzələ tonusu qazanmaq üçün idmanla məşğul olmaq
  • Yatmazdan qabaq yuxu dərmanları, sakitləşdirici və antihistamin kimi preparatlar qəbul etməmək
  • Yatmazdan 3-4 saat əvvəl ağır yeməklər, alkoqol qəbul etməmək
  • Çox yorulmamaq
  • Arxası üstə yox, yan yatmaq
  • Gecə paltarına tennis topu tikmək.

Artıq çəki xoruldamanın ən əsas səbəblərindəndir. Xəstələrin 80%-də çəki itirilməsi ilə xoruldamanın ciddi dərəcədə azaldığı və ya tamam yox olduğu müəyyən edilmişdir.

Tıxayıcı Yuxu Apnoe Sindromu (TYAS) nədir?

“Apnoe” nəfəsin dayanması deməkdir. TYAS yuxunun başlanması ilə birlikdə deyil, yumşaq toxumaların boşalması və nəfəs alma zamanı yaranan mənfi təzyiq sayəsində hava yolunun tıxanması və nəticədə ağız və burundan havanın daxil olmasının 10 saniyə ərzində dayanması, orqanizmin tənəffüs üçün əlavə güc sərf etməsi ilə gedən ciddi bir xəstəlikdir. Tənəffüs dayanması gecə ərzində tez-tez təkrarlanır (bəzən 100 dəfə) və təxminən 20-40 saniyə davam edir. Vəziyyətin daha ciddi olduğu hallarda bu vaxt 2 dəqiqədən çox ola bilər. Nəfəs dayanmaları zamanı qandakı oksigenin miqdarı azalır, ürək, beyin və digər həyati vacib orqanlara kifayət qədər oksigen daşına bilmir.

TYAS əlamətləri:

Tənəffüs problemləri yuxu zamanı müşahidə edildiyi üçün xəstə bunu özü hiss etmir. Bunu xəstənin ətrafındakılar müəyyən edə bilər. Ən əsas əlamət xoruldamaqdır. Xəstələrin əksəriyyəti şiddətli xoruldayır. Normal şəkildə xoruldadığı halda birdən səsi kəsilir. Nəfəs dayanması zamanı qarın və döş qəfəsində hərəkət davam edir. Buna görə də kənardan izləyən adam tənəffüsün dayanmasını ilk anda başa düşməyə bilər. Bu tıxanıqlığın qarşısını almaq üçün diafraqma daha çox yığılır, qarın və döş hərəkətlərinin tezliyi artır. Xəstəliyin ilk və əsas simptomu gündüz yuxululuqdur. Digər əlamətlərə səhər ağız quruluğu ilə oyanmaq, baş ağrıları, dözümsüzlük, diqqətsizlik aiddir. Uşaqlarda dərslərində geri qalma, gecə bir neçə dəfə sidiyə çıxma, iqlimdən asılı olmayan gecə tərləmələri olur.

Diaqnoz necə qoyulur?

Yuxu testi ilə qoyulur. Gecə ərzində polisomnoqrafiya cihazına bağlı olaraq yatan xəstədə olan dəyişikliklər qeydə alınır. Müalicə planı xəstənin şikayətləri, yuxu testinin nəticələri və müayinə əlamətlərinə görə seçilir. Ümumi vəziyyəti ağır olan, hər hansı bir səbəbdən əməliyyat oluna bilməyən, cərrahiyyədən fayda görməyəcəyi düşünülən xəstələrdə CPAP və ya BPAP deyilən müsbət təzyiqli bir ağız-burun maskası istifadə edilir.

Cərrahi müalicə:

1.Yumşaq damaqla əlaqəli əməliyyatlar

Bu əməliyyatda əsas məqsəd dilçək və yumşaq damağın arxasındakı hava yolunun həcmini artırmaq və toxumalardakı çökməni azaltmaqdır. Xəstələrin 1/4–də bu bölgəyə bağlı problem olur. Xəstələrin yarısında problem damaq ilə bərabər dil kökü və ya burunda olur.Yekun olaraq, xəstələrin 75%-də az və ya çox dərəcədə yumşaq damaq və dilçək problemləri olduğu müşahidə olunur. Yumşaq damaqla əlaqəli əməliyyatın tipi isə problemin ağırlığına və hava yolu tıxanıqlığının səbəbinə görə dəyişir. Aparılacaq müdaxiləyə qərar verərkən yuxu testi ilə yanaşı dilçək, yumşaq damaq, boğazın arxa yan divarları və badamcıqlar dəyərləndirilməlidir.

a) Damağa radioofrekans tətbiqi
Radioofrekans ilə yumşaq damağın içərisinə verilən enerji ilə selikli qişanın altındakı toxumalarda və damaq əzələlərində büzülmə və sərtləşmə prinsipinə əsaslanır. Yerli anesteziya ilə aparılır.

b) Dilçəyin qısaldılması (uvulektomiya)
Dilçəyin əsas funksiyaları udma zamanı qida kütləsinin yemək borusuna doğru hərəkətini istiqamətləndirmək, qidanın burunudlağa keçməsinin qarşısını almaq və burunudlaqdan gələn sekresiyanın qida borusuna keçməsini asanlaşdırmaqdır. Şiddətli xoruldama zamanı uvula ödemlənərək uzanıb qalınlaşır. Xəstələrin müəyyən bir hissəsində xoruldamanın səbəbi budur. Dilçəyin qısaldılması xüsusi seçilmiş xəstələrdə aparılır.

c) Uvulopalatofaringoplastika (UPPP)
Yumşaq damaq əməliyyatları arasında ən çox icra olunan cərrahiyyədir. Əməliyyatın prinsipi dilçək, yumşaq damaq və badamcıqların yaratdığı həcmi kiçiltmək və yumşaq damağın arxasında qalan hava yolunu genişləndirərək gərginləşdirməkdir. Yumşaq damaq əməliyyatları ümumi olaraq sadə xoruldama xəstələrinin 85%-də, apnoe sindromlu xəstələrin 25-75%-də uğurlu olduğu müəyyən olunub. UPPP əməliyyatından sonra müvəqqəti olaraq qidaların tənəffüs yoluna keçməsi (velofaringial çatışmazlıq), qanaxma, infeksiya, postnazal axıntı, udma çətinliyi, dad hissiyatının pozulması kimi ağırlaşmalar müşahidə olunur. Ən çox rast gəlinən şikayət isə əməliyyatdan sonrakı ağrıdır. Ağrı ilk 5-7 gün ərzində olur.

2. Dil kökü ilə əlaqəli əməliyyatlar.

Bu xəstələrdə problemə səbəb olan bölgələrdən biri də dil arxasıdır. Xüsusilə də, artıq çəkili və bədən kütlə indeksi yüksək olan xəstələr çəki itirdikdə şikayətləri azalır, ona görə də izolə olaraq dil kökündə problem olan xəstələrdə əməliyyatdan əvvəl mütləq çəki vermələri məsləhət görülür. Dil kökü nahiyəsi üçün aparılan müxtəlif cərrahi əməliyyatlar var.

Dil kökünə radiofrekans tətbiqi

Radiofrekans tətbiq edərək dil kökünün həcmində azalma müşahidə olunur. Bu əməliyyat digər əməliyyatlar ilə eyni seansda kombinə oluna bilər.

3. Burun əməliyyatları

Xoruldama və apnoe şikayəti ilə gələn hər xəstədə burun və burunudlaq müayinə edilməlidir. Bir çox xəstədə burun daxilində əyrilik və ya burun əti böyüməsi kimi problemlər olur. Problemin ölçüsünə görə müvafiq müalicə metodu seçilir.